Nənənin “HƏFTƏ HAMAMI” xatirəsi 

QəbələPress.info
title

Qocaman bir nənə ilə şirin-şirin söhbət edirdim. Birdən nənə durma-tutma məndən soruşdu ki,

 - Ay qızım, o şəhərdə həftə  hamamları deyirdilər ha, onlar dururmu? Dedim, ay nənə, bu hardan ağlına gəldi? Nənə bir az duruxub dedi:

- Heç… Elə-belə yadıma düşdü. Dedim, yox, inanmaram, hələ bir de görüm, nə məsələdir? Bu dəfə nənə gülüb dedi:

 – Hə, indi daha nə olasıdır ki, qorxum yox, hürküm yox, deyim də! Amma rəhmətlik sağ olsaydı, eşitsəydi  vallah ətimi şişə çəkərdi.  Şüvəl qız çağlarımız idi. Eşitmişdik ki, şəhərdə həftə hamaları var. Hamı gedib orada çimişir. Qəşəng qızları da analar oğulları üçün orada bəyənirlər. Biz də ki, kənddə yaşayayan qızlardıq. Çox istərdik ki, biz də şəhərdəki oğlanlara ərə gedək, bir xoş gün görək. Amma harda? Bizə nə yaraşırdı şəhər həyatı? Tövlədə  bir az iricək vannamızın içində, 2-3 vedrə də ilıq suyumuzla islanıb çıxardıq.

Həmişə ərlik qızlarla bir yerə toplaşanda ancaq o şəhərdəki hamamlardan danışıb “dərd” çəkərdik. Amma yenə şükürlər olsun kəndlərimizin qaloşlu oğlanlarına. O kənddən, bu kənddən sorağımızı eşidib-eşitməz, tökülüşüb gəldilər, bizi bir-bir alıb apardılar. Yoxsa qarıyıb lap evdə qalasıydıq. Amma bu hamam ki var, hələ də beynimdən çıxmayıb.

- Qızım, həmən hamamlar yenə də durur?  Yenə də qızları oradamı bəyənirlər?-deyə söhbətinə sualla davam etdi.

Bu dəfə  mən susası oldum. Nənəyə necə izah edəydim ki, - nənəcan, daha nə həmən hamamlar var, nə də o türlü qız bəyənmələr. İndi dünya sən tanıdığın dünya deyil, bir başqadır, ay  nənə…

Nənəyə heç nə demədim. İstəmədim illərlə yaddaşından siləmədiyi o gözəl qız bəyənmə mənzərəsinə daş atıb bulandırım. Elə o şirin xatirələri ilə başbaşa qalsa yaxşıdır. Nənəni qucaqlayıb dedim:

 -Durur, ay nənə, yenə də durur. Yenə də qızları həmən həftə hamamlarında bəyənirlər.

Nənənin kitabəyə bənzər simasıa bir sevinc qondu, dodaqları qaçdı.

-Nə gözəl qızım, nə gözəl. Onda o nəvəm İmranın oğlu Əvropadan gəlsin, gedib ona qızı həmin hamamda bəyənərik. Məni də apararsınız, yaxşımı?..

     -Gedərik, nənəcan, gedərik… Səni də aparacayıq… Sənsiz heç gedərikmi?..

 

 Esmira ŞÜKÜROVA


loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense