İslam aləminin yeni, Qəbələli Hafizi

QəbələPress.info
title

Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı. Misal üçün, “İbni Kəsir təfsiri” kitabının yazıçısı Hafiz ibni Kəsir bu adı sadəcə Quranı əzbər bildiyi üçün yox, eyni zamanda hədis elmində müəyyən bir mərtəbəyə çatdığı üçün alıb. Bu sahənin elmi dərəcələri belə sıralanır: Muhaddis, Musnid, Hafiz və ən yüksək dərəcə Hüccət. Hüccət 800 minlə 1 milyon arasında hədis əzbərləyənlərə deyilir. İmam Qəzali hüccət səviyyəsinə çatmış bir İslam alimi olub. Ancaq bu gün texnikanın inkişafı ilə hədislər və bütün islami biliklər həm kitablar şəklində, həmdə internet vasitəsilə əlimizin altındadır və istədiyimiz vaxt, istədiyimiz məlumatı əldə etmək mümkündür. Buna görə də dövrümüzdə sadəcə Quranı əzbər bilən insan “Hafiz” adını ala bilər və dünyanın harasında olursa olsun hafiz deyildiyi vaxt Quranı əzbərləyən insan nəzərdə tutulur.

Onunla küçədə görüşdük. Hazırlaşmışdı... Əlində yol çantası, iki günlük icazəli istirahətdən sonra  təhsil aldığı Şəki İslam Mədrəsəsinə yola düşürdü. Ayaqüstü bir-iki sual verdim.

Bu balaca çəlimsiz yeniyetmənin səmimiyyətlə, səmimi olduğu qədər də utancaqlıqla verdiyi cavablar əvvəl-əvvəl nurlu sifətinin cizgilərində yazılırdı elə bil...

2-3-cü siniflərdə oxuyarkən məhlə uşaqlarından qəsəbə məhəllə məscidinin imamı Həzi müəllimin quran dərsi verdiyini eşitmişdim. Bu dərslərdən elə maraqla danışırdılar ki... Mən də həvəsləndim valideynlərim də etiraz eləmədilər... Bir də gördüm hərfləri bilirəm, Quran oxuyuram...

Mənimlə danışa danışa nəzərlərini məndən gizlətməyə çalışaraq əlindəki telefona baxdığını hiss etdim. Saata baxırdı... Tələsdiyini anladım... Çox vaxtını almamaq üçün ənənəvi bir sual verdim.

-15 yaşlı Quran hafizinin arzusu nədir.

-Təhsilimi davam etdirəcəm. Hələ qabaqda orta məktəbi bitirmək var. Sonra baxarıq da, gülümsədi, Allah qoysa yaxşı olar,-dedi.

Görüşüb ayrıldıq.

Söhbət Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan  Nazir İsmilidən gedir. Onun savadı, səmimiyyəti haqqında qonşular da, oxuduğu 2 nömrəli orta məktəbin müəllimləri də ağızdolusu danışırdılar.

Bu yazını təzə bitirmişdim ki, yadıma bir rəvayət düşdü. Bir məclisdə qızğın söhbət gedirmiş. Söhbət edənlər arasında Qardaş Türkiyyənin bir əyalətində İslam alimi kimi tanınmış iki nəfər də var imiş. Qapı açılır, bir uşaq utana-utana içəri girir. Hamı ayağa qalxır. İslam alimlərinin bu hərəkətinə maraq və təəccüblə baxan məclis iştirakçılarına alimlərdən daha yaşlısı:

-O, qəlbində Quran gəzdirir. Quranın qarşısında ayağa durmaq gözəldir.

Biz Qəlbində Quran gəzdirən bu gəncə uğurlar arzulamaqla yanaşı, onun xalqımıza, ölkəmizə, dövlətçiliyimizə layiqli övlad olmağını arzulayırıq. Və islam aləminə yeni bir Hafiz verdiyinə görə Qəbələni, Vəndamı təbrik edirik.

P.S  Biz onun barədə Şəki İslam Mədrəsəsinə də sorğu göndərdik. Mədrəsədən İlk öncə şagirdləri barədə mədrəsə rəhbərliyinin icazəsindən sonra bizə yazacaqlarına söz versələr də bir cavab almadıq. Yəqin Mədrəsə rəhbərliyinin icazəsi olmadı...


QəbələPress.info

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense