Xəyallarımızın gerçək obrazı: Sədaqət Bayramova... 

QəbələPress.info
title

İxtisası: Müəllim. Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib.  Bir il müəllim işlədikdən sonra, o zamankı dövlət orqanlarına işə dəvət edilib. Yeni təyinatı üzrə politoloq ixtisası üzrə ikinci ali təhsil alıb. 2009-cu ilə qədər müxtəlif vəzifələrdə çalışıb, ondan bəri Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri kimi fəaliyyətini davam etdirir. Təxminən bir ay əvvəl  "Tərəqqi" medalı ilə təltif edilib.

Bu, Qəbələ adamının dünənki, bu günkü yaddaşına “Sədaqət müəllimə” və yaxud “katib Bayramova” kimi yazılan Sədaqət xanım Bayramovadır. Onun məndən ötrü bütün rəsmi və qeyri-rəsmi göstəricilərdən ən önəmli olanı mərhum Səyavuş Bayramovun bacısı olmasıdır. Təvazökar, mədəni, istiqanlı Səyavuşun. Bizim nəslin təmiz, saf parçası vicdan adamının... `

Sədaqət xanım böyük olmayan bir rayonda mənim gəncliyimin həsəd və heyranlıqla izlədiyi məşhur xanım idi. Kifayət qədər ciddi xarakteri, yalnız işinə adaptə olması ondan hətta bir az çəkindirirdi adamı. Daim eyni ampulada olmasından karıxardım: “Görəsən, bu adam nə zaman gülüb-danışır, kövrəlib xəyala dalır?” deyə suallar verərdim özümə.

İllər keçdi, yerli qəzetin müxbiri kimi rayon rəhbərliyini təmsil edənlərdən biri olaraq həyat şərtləri onunla ünsiyyətdə olmaq “məcburiyyəti” yaratdı. İlk vaxtlar sanki hiss etdiyimiz hər şeyə fərqli münasibətimiz varmış kimi gəldi mənə. Tanışlığımız artdıqca təxminimin mühüm bir hissəsində tələsdiyimi anladım. O mühüm hissə onun yerdə qalan hər şeyin hərəsindən bir az toplanan baxışları idi. Dünyaya, insana, sevgiyə, ədalətə olan baxışları... 
Və bir zaman gəldi ki, o baxışların dərinliyindəki istiliyi zahiri görkəminin soyuqluğunun gizlədə bilmədiyini duydum. Sədaqət xanımın  üzdə canfəşanlıq etmədən, pafossuz-flansız yeri gələndə təmkinlə haqqın yanında durmağı bacaran biri olduğunun dəfələrlə şahidi oldum. Burada gətirə bilməyəcəyim o misallara nə Sədaqət xanımın ehtiyacı var, nə hansısa o haqsızlıqların əziyyətindən məhz onun dəmir mövqeyi sayəsində xilas olanların. Heç mənim də...
Çünki özümü bu kiçik yazımın zərif qəhrəmanına şirin salmaq məqsədim yoxdu. Sədaqət xanım, lovğalıq olmasın, onsuz da xətrimi çox istəyir. Və mən bunu hələ Sədaqət Bayramovanı aşırı rəsmi, quru məmur hesab etdiyim vaxtlarda rəhmətlik Səyavuşdan eşitmişdim. Səyavuşun nə qədər təmənnasız, səmimi bir ürək sahibi olduğuna adım kimi əmin olmasaydım dünyasında bu “parodoksa” inanmazdım. Sonralar zamanla dostumun nə qədər haqlı olduğunu gördüm.

Yerli qəzetdən həmkarım Valehin rəhbərlik etdiyi saytda təsadüfən Sədaqət xanımdan müsahibə götürüləcəyini oxuyub ondan bu imkanı mənə verməsini xahiş etdim. Bir köşədən ötrü aylarla məni “bişirməyə” çalışan Valeh sevə-sevə razılaşdı. Amma mən yenə Valehi incitmədən ötüşə bilmədim. Həm gecikdim, həm də ondan sual-cavab tipli müsahibə götürə bilməyib eləcə içimdən gələnlərin qısaca bir qismini yaza bildim.

Hansımız hansı mövqedə olarıqsa olaq, Sədaqət xanımla pozulmaz, kövrək nöqtəmiz var. Az ünsiyyətdə olub çox sevdiyim Səyavuşun əziz xatirəsi...

Sonda: Sədaqət Bayramovanı Qəbələnin “dəmir ledisi” hesab edənlər də olub, indi də var... Məntiqli yanaşmadır. Amma, xeyli dərin müşahidələrdən, təsadüflərdən, zərurətlərdən sonra görürsən ki, o Dəmir Ledinin ipək kimi ürəyi var.
Ürəyinə sağlıq, xanım Bayramova...  

NAZLI
Qəbələ

 

 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Keyfiyyətli bal satışı

Google adsense