Qəbələdə bir kənd var, o kənddə bir məsum Nazpəri…

QəbələPress.info
title

Unudulmuş, gözdən salınmış tipik Azərbaycan kəndinə şikəst bir uşağın sorağına  getdik. Kurort Qəbələsinin aran hissəsində yerləşən Tola kəndinin tozlu-torpaqlı bərbad yolu, qızmar günəş və susuzluq canımızı elə yandırmışdı ki, başımızı salmağa alatoran bir kölgədən başqa heç nə barədə düşünmürdük.

Kəndə çatıb xeyli ora-bura vurnuxsaq da, həyat əlaməti görmədik. Axtardığımız yeri çətinliklə tapmağımızın səbəbi kənd əhlinin də bizim kimi düşünməyi idi yəqin. Adamlar od tutub yanan toz yığnağı küçələrdən qaçıb həyətlərə, evlərə sığınmışdılar. Amma dünyanın sonu olmadığından neçə qapı döyüb nəhayət axtardığımız ünvana yetişdik... “Ünvan” sözü burda çox süni çıxır. Çünki girdiyimiz yaşayış məskəninə on beş yaşlı şikəst uşaqla onun valideynlərinin sığınacağı demək daha doğru olardı.

Qarşılaşdığımız “sürpriz”bizə dərhal “Tola səfəri”nin bütün əzab-əziyyətini unutdurdu. Primitiv tikilinin yandırıcı eyvanında fasiləsiz sürünən xəstə uşaq və onun ən adi istəkləri qarşısında aciz qalan gənc ana... Nazpəri adlanan qız uşağında nə nazdan əlamət vardı, nə pərilikdən. Uşaq düçar olduğu xəstəlikdən daha çox ehtiyacın, yoxsulluğun girdabında işgəncə çəkirdi. 84 manat əlillik təqaüdü  ilə atasının tuta bilsə günəmuzd işlərdən aldığı qəpik-quruşun ümüdünə qalan ailənin şikəst fərdinin körpə ürəyindən böyük şeylər keçmirmiş. Uşağın bütün tələbatı sadəcə normal qidalanmaqdan, təmiz geyinməkdən, rahat çimməkdən, qısası babat bir yaşayış şəraitindən ibarət imiş ki, onun  da bu ölkədə artıq əlçatmaz bir arzuya çevrilməkdə olduğu sirr deyil. Xəstə uşağının dünyanın indiki vaxtındakı ən zəruri xəyallarını gerçəkləşdirə bilməyən Sevinc xanım danışdıqca mənim bir az əvvəl həyatımın arzusuna çevrilmiş su içmək istəyim öz anlamını itirirdi. Onun allah bilir hansı çəpərləri aşaraq uzaq yollardan daşıdığı suyu bir-iki stəkan miqdarında belə azaltmaq o balaca eyvanda sürünən qızın haqqına girmək olardı. Və mən bir də gördüm ki, daha su istəmirəm. Qarşımdakı çarəsiz ananın acı hekayəti mənə su söhbətini unutdurdu. Və o gün ordan qayıdandan bir müddət sonra da yadıma su içmək düşmədi.

Tola kəndində yaşayan  Azad Əmrahovun ailəsində serebrial ifliclə dünyaya gələn Nazpərini tale ən dəyərli şeylərdən məhrum edib ki, ona bunların əvəzini vermək olmaz. Amma onun kabusa çevrilmiş həyatını nisbətən yüngülləşdirmək mümkündür. Hətta orta imkanlı adamların əlində bu, an məsələsidir.

Nazpəri meyvə istəyir, Nazpəri geyinmək istəyir. Nazpəri onu ləyəndə çimizdirən anasının qollarından sürüşüb soyuq döşəməyə çırpılmaq istəmir, Nazpəri öz xırda arzularına məntiqli-məntiqsiz “stop” istəmir. İynə ucu boyda sevinmək, nazlanmaq onun da ən doğal haqqı deyilmi? Nazpərinin yayda günəş yandıran, qışda şaxta donduran o balaca daxmadan baxdığı dünyadan umub-umacağı yalnız bu qədər...

Heç deyilsə, atasına daimi iş, anasına təsərrüfatla məşğul olmaq üçün ilkin bir təkan olsa, Nazpərinin problemləri o həyətin sərhədlərindən qırağa çıxmaz. O da hər şeyə rəğmən allahın verdiyndən öz əlil ömrünü yaşayar. Kifayət qədər ağır olduğundan mövzunu çox uzatmayıb Ünvanı xatırladırıq: Qəbələ rayonu, Tola kəndi, Nazpəri Əmrahova...

Bizdən bu qədər.

 Qalanı sizlərin hisslərinə, duyğularına və bu hekayətə olan münasibətinizə qalıb. O uşağın həyət qapısına zillənmiş gözlərindəki ümid Sizlərə əmanət...

Red: Biz orada olanda məlum oldu ki, kəndin icra nümayəndəliyinin və kənd bələdiyyəsinin rəhbəri hələ bu qapını açmağı özlərinə rəva bilməyiblər. Ola bilsin ki, bu onların vəzifə borcu deyil...Amma insanlıq borcu və başqalarına nümunə olmaq istəyi ola bilərdi...

İstədik onlarla görüşək, amma girəcəkdə kəndin adı yazılmış tablonun kol-kosun əsarətində olduğunu və onu bu əsarətdən kimsənin çıxarmağa çalışmaması bizi fikrimizdən daşındırdı...İlk baxışda sadə bir səbəb... Amma gündə bu tablonun yanından keçən kənd rəhbərlərinin bu xoşəgəlməz mənzərəni görməmələri və ya görmək istəməmələri onlar haqqında çox danışdı bizə...



Nazlı Ağayeva
Valeh Əziz

QəbələPress.inf o

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Keyfiyyətli bal satışı

Google adsense